Broker kimdir?

Broker nədir?

Tələb edən və təklif edən arasında əlaqəni formalaşdıran vasitəçi “broker” hesab olunur. Yəni, Broker satıcı ilə alıcı arasında, sığorta olunanla sığorta edən arasında, eləcə də əmlak sahibi ilə kirayəniş arasında vasitəçəlik xidməti yerinə yetirən hüquqi və ya fiziki şəxsdir.

Aparılan araşdırmalara görə “broker” sözü ilk dəfə 1355-ci ildə İngiltərədə istifadə edilmişdir. Lakin bu peşənin sözün əsl mənasında ortaya çıxması və bu günkü xüsusiyyətlərə qovuşması XVII əsrdə İngiltərədə baş tutmuşdur. Bunun səbəbi isə o illərdə İngiltərənin ən böyük dəniz ticarətinə sahib olması və pulun mühafizə mənbəyi olması idi.

Dünyada əvvəllər Brokerlərin 4 əsas mərkəzi var idi: London, Hamburq, Oslo və Nyu-York.

Zaman keçdikcə ölkələrin beynəlxalq ticarətdə hakim rol oynaması ilə Tokio, Sinqapur, Dubay, Şanxay, Honq-Konq, Nova və Odessa da mərkəzlər sırasına daxil olmuşdur.

Broker maliyyə dünyasında olduqca məşhur bir ifadə olması ilə bərabər, həmçinin bir-birindən tamamilə fərqlənən sahələrdə vasitəçilik rolunu həyata keçirən şəxslərə ümumi olaraq verilən addır. Sığorta brokeri, əmlak brokeri, gəmi brokeri, birja brokeri və s. kimi yayılmış növləri var.

Maliyyə bazarlarının yüksək inkişaf etdiyi ölkələrdə həyata keçirilən bir çox alış-satış proseslərinin dayağında məhz brokerlər durur.

Brokerlər müştəri adından və eyni zamanda şirkət adından çıxış edərək, hər iki tərəf arasında doğru körpünü qurmaqda məsuliyyətlidir.